Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 31 mart-Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

31 mart 2023 | 18:40

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışıb.

RİH başçısı vurğulayıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.

Rafiq Cəlilov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək. Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaq və orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Görülən işlər bir daha onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaq.

Anım mərasiminin iştirakçılarından Mirsüleyman Mirxaslı,  Ədalət Əsgərov, Meyxoş Abdulla, Ələsgər Mirzəzadə və Ofeliya Qəhrəmanova çıxış edərək 31 Mart-Azərbaycanlıların Soyqırımının yaranma səbəblərindən, ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törədilmiş qırğınlardan  və soyqırım siyasətindən ətraflı bəhs etmişlər.

Tədbirdə 31 mart Azərbaycanlıların Soyqırımı haqqında sənədli film nümayiş etdirilmişdir.

Keçidlər