Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

07 mart 2025 | 14:23

7 mart 2025-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları və ictimai-siyasi sahədə xidmətləri ilə seçilən qadınlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik etmiş və qeyd etmişdir ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində mühüm rol oynayıb. Bugün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılmasına yönəlik siyasət uğurla həyata keçirilir.

Bütünlükdə respublikamızda olduğu kimi Cəlilabadın da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Rayonumuzda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhvələrini veriblər. Bu da gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Rayonumuzun qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Rayonda qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.      

Tədbirdə çıxış edənlər öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən bəhs ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib. 

Keçidlər