Cəlilabadda 8 Noyabr - Zəfər Günü qeyd edilib
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsi və Şəhidlər Parkı Abidə Kompleksi ziyarət edilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.
Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən Müharibəsində qazanılmış Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı: “Qazandığımız haqq savaşı Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək”.
Tədbirdə çıxış edənlər tariximizin zəfər səlnaməsi olan əlamətdar gündən söhbət açaraq, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun əks hücumu nəticəsində 44 gün müddətinə torpaqlarımız yağı düşməndən azad olunmasından və 30 illik Vətən həsrətinə son qoyulmasından danışıblar.
Daha sonra Heydər Əliyev Seyrəngahında tədbir yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı ilə davam edib. Respublikamızın bir sıra tanınmış incəsənət ustalarının və populyar müğənnilərin iştirak ilə keçirilən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Konsertdən sonra isə 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Heydər Əliyev Seyrəngahında atəşfəşanlıq olmuşdur.