Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi” mövzusunda tədbir keçirilib

22 sentyabr 2026 | 15:36

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 6.1.4.2.6-cı bəndinin icrası ilə bağlı “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi” mövzusunda 22 sentyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Cəlilabad 1 saylı Mediasiya Təşkilatının direktoru İnqilab Bayramov, Masallı 1 saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov, Cəlilabad 1 saylı Mediasiya Təşkilatının mediatoru Rahib Məmmədov, idarə və təşkilatların nümayəndələri, həmçinin tələbələr iştirak ediblər.

Çıxışlarda Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri və icrasının hədəf göstəriciləri barədə məlumat verilib. Həmçinin 20 may 2026-cı il tarixindən fəaliyyətə başlayan Cəlilabad 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti barədə məlumat təqdim olunub, mediasiya xidmətlərinin əhali arasında təşviqi və bu sahədə fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Bildirilib ki, Cəlilabad rayonunda mediasiya fəaliyyətinin təşkili, əhalinin mediasiya xidmətləri barədə məlumatlılığının artırılması və bu xidmətlərdən istifadənin təşviq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib. Müzakirələr zamanı mediasiya sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, rayonun müxtəlif ərazilərində vətəndaşlarla görüşlərin təşkili, eləcə də mediasiya xidmətləri barədə məlumatlandırıcı bukletlərin hazırlanaraq əhali arasında paylanılması məsələləri müzakirə olunub.

Keçidlər