Cəlilabadda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsində verdiyi tapşırıqların icrası və ölkəmizdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə müşavirə keçirilib
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın əməkdaşları, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Arif Həsənov və fermerlər iştirak ediblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin əsasən kənd təsərrüfatını müasir texnologiyalar əsasında inkişaf etdirmək, məhsuldarlığı artırmaq, emal sənayesində yeni imkanlar yaratmaq və ixrac potensialını gücləndirmək olduğunu bildirib. Qeyd edib ki, Cəlilabad rayonu kənd təsərrüfatı potensialına görə ölkənin ön sıralarında yer alır. Torpaqların münbitliyi, iqlim şəraiti, əməksevər insanlar, çalışqan fermer və sahibkarlar bu potensialı reallaşdırmaq üçün ən mühüm amillərdir. Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan subsidiyalar, güzəştli kreditlər, texnika dəstəyi, toxum və gübrə təminatı, emal müəssisələrinin yaradılması kimi tədbirlər rayonda yeni layihələrin həyata keçirilməsinə geniş imkanlar açır. Dövlətin yaratdığı bu fürsətlərdən səmərəli istifadə edilməli, müasir texnologiyalara, innovativ yanaşmalara, kooperativləşməyə və birgə fəaliyyətə üstünlük verilməlidir.
Həmçinin rayon rəhbəri bildirib ki, rayon icra hakimiyyəti olaraq hər birinizin yanında olacağıq, problemlərin həlli üçün operativ dəstək göstərəcəyik. Cənab Prezidentin qarşıya qoyduğu hədəflərə çatmaq üçün dövlət qurumları, yerli özünüidarəetmə orqanları, fermer və sahibkarlar vahid komanda kimi çalışacağıq. Cəlilabadın kənd təsərrüfatı məhsullarının həm daxili bazarda, həm də ixracda layiqincə təmsil olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Sonda RİH başçısı tədbir iştirakçılarına təşəkkürünü bildirib, işlərində uğurlar arzulayıb.






