Cəlilabadda “Fövqəladə halların xəbərdar edilməsi üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində birgə fəaliyyət” mövzusunda müşavirə keçirilib
17 sentyabr 2026-cı il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətində “Fövqəladə halların xəbərdar edilməsi üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində birgə fəaliyyət” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyev, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavini Mirabbas Rzayev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cənub Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsini icra edən Teymur Rəhimov, Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnik-leytenant Əmir Səmədov, Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, kapitan Əlyar Məmmədov, Cənub Regionu üzrə Kiçikhəcimli Gəmilərə Nəzarət Şöbəsinin inspektoru, kapitan Məhərrəməli Şirvanzadə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Cənub Regional Müfəttişliyinin böyük məsləhətçisi, böyük müfəttiş Anar Kazımov, idarə, müəssisə və təşkilat nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyev fövqəladə halların qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin, mövcud risklərin əvvəlcədən müəyyənləşdirilməsinin və aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Qeyd edib ki, rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, mümkün fövqəladə halların qarşısının alınması və baş verə biləcək hadisələrin nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti qurumların birgə, çevik və əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi əsas vəzifələrdəndir.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavini Mirabbas Rzayev fövqəladə halların xəbərdar edilməsi üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Bildirilib ki, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, mövcud risklərin minimuma endirilməsi və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsi zəruridir.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cənub Regional Tikinti Müfəttişliyinin rəisi vəzifəsini icra edən Teymur Rəhimov rayon ərazisində tikilməkdə olan və istismara verilmiş müxtəlif təyinatlı obyektlərdə texniki təhlükəsizlik qaydalarına, mövcud tikinti norma və standartlarının tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdırıb.
Çıxışda tikinti işləri zamanı layihə sənədlərinin, tikinti norma və qaydalarının, eləcə də təhlükəsizlik standartlarının tələblərinə əməl olunmasının, istifadə edilən tikinti materiallarının keyfiyyətinə və konstruksiyaların dayanıqlılığına nəzarətin gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Həmçinin istismara verilmiş obyektlərin texniki vəziyyətinin mütəmadi olaraq yoxlanılması, aşkar edilmiş nöqsanların vaxtında aradan qaldırılması və insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcək risklərin qabaqcadan müəyyən edilərək qarşısının alınmasının vacibliyi vurğulanıb.
Digər çıxışçılar tərəfindən rayon ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğın hadisələrinin qarşısının alınması istiqamətində həyata keçirilən profilaktik tədbirlər, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Müşavirədə, həmçinin rayon ərazisində təhlükəsizlik qaydalarına riayət olunması, ətraf mühit və insan həyatı üçün təhlükə yarada biləcək potensial təhlükəli obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, istismar olunan texniki qurğu və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün təhlükələrin qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi məsələləri müzakirə olunub.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






