Cəlilabadda "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib
Uzuntəpə kənd mədəniyyət evində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Hüseynov, rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Anar Atakişiyev, rayon təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli və rayon gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər. Bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin xüsusilə aktual xarakter daşıdığı qeyd olundu. Həmçinin yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılmasının, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılmasının, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsinin lazım olduğunu vurğuladılar.
Tədbir iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmaqla müzakirə formatında yekunlaşdı.