Cəlilabadda "Gender bərabərliyi" mövzusunda tədbir keçirilib
14 dekabr 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gender bərabərliyi" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, rayon polis şöbəsinin, rayon təhsil sektorunun, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin, ADPU Cəlilabad filialının, tibb kollecinin, rayon gənclər və idman sektorunun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazım olduğunu vurğulayıblar. Qeyd olunub ki, gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub. Hazırda bütün dünya dövlətləri gender bərabərliyinin təmini sahəsində yeni imkanlar arayır, bu sahədə səylərini birləşdirməyə çalışırlar. Tədbir diskussiya şəraitində davam etmişdir.