Cəlilabadda güclü qar müşahidə olunur
Ötən gün gecə saatlarından etibarən Cəlilabadda hava şəraiti kəskin dəyişib, güclü qar yağmağa başlayıb.
Cəlilabad şəhərində 10 santimetr qalınlığında olan qar rayonun ucqar kəndlərində 25-30 santimetrə çatıb. Qar rayonda su, qaz, işıq, rabitə sahələrində və yollarda avtomobillərin hərəkətində problem yaratmayıb.
Rayon fövqəladə hallar komissiyası tərəfindən qarın ən çox yağdığı ərazilərində vəziyyətə nəzarət edilir. “46 saylı Yol İstismarı” MMC-yə məxsus texnika və canlı qüvvə gecədən rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi ilə məşğuldur. Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə səhər tezdən başlayaraq güclü qar örtüyü olan və buz bağlaması ehtimal edilən yollar qardan təmizlənir, yollara qum səpilib.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ərazilərdə olmuş, magistral yollarda və Cəlilabad şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə görülən işlərlə maraqlanmış, zəruri tədbirlərin görülməsi ilə bağlı yerində tapşırıqlar vermişdir.
Hazırda rayon ərazisində qarın yağması davam edir.