Cəlilabadda “Himayədar ailə” qayğı modeli mövzusunda ictimai dinləmə keçirilib
27 fevral 2026-cı il tarixində Cəlilabad rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Himayədar ailə” qayğı modeli mövzusunda növbəti ictimai dinləmə keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin, digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr və vətəndaşlar iştirak ediblər.
Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov iştirakçılara “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları barədə məlumatlar verib.
İştirakçıların diqqətinə çatdırılıb ki, bu model çərçivəsində artıq 78 uşaq himayədar ailələrə yerləşdirilib.
Diqqətə çatdırılıb ki, “Himayədar ailə” qayğı modeli müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamaları, alternativ qayğı ilə əhatə olunmaları və sağlam gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir.
Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin müraciət və qiymətləndirmə prosesləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






