Cəlilabadda ikinci dəfə möhtəşəm Çiyələk festivalı keçirilir
Festival Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilir. Çiyələk festivalında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.
Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri düzüblər.
Festivalın açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edib. Çiyələk festivalının iştirakçılarına çiyələyin istehsalı və qazanılan uğurlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan MDB ölkələri arasında dünyanın ən dadlı və məşhur giləmeyvəsinə həsr olunmuş tədbirin keçirildiyi ikinci ölkədir, çoxlarının sevimli giləmeyvələrindən birinin ən böyük plantasiyaları Cəlilabad rayonunda yerləşir. Respublikada ikinci dəfədir təşkil edilən bu məhsul bayramı Cəlilabadda meyvəçiliyin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Həm yerli əhalinin, həm də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan çiyələk bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir.
Festivalda rayonda istehsal və ixrac edilən çiyələk sortları nümayiş etdirilib. Eyni zamanda tədbirdə kənd təsərrüfatı şirkətlərinin çıxışları, yerli brendlər və ənənə halına çevrilən çiyələk məhsulları təqdim olunmuşdur. Nümayiş etdirilən əl işləri, idmançıların, rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları alqışlarla qarşılanıb.
Festival tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti davam edir.