Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda kartof ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərlə bağlı iclas keçirilmişdir

08 aprel 2024 | 16:12

08 aprel 2024-cü il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında rayon ərazisində kartof ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı iclas keçirilmişdir. İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin idxal və ixraca nəzarət şöbəsinin müdiri Əkbər Əliyev, aidiyyəti təşkilat rəhbərləri, rayon icra hakimiyyəti başçısının Cəlilabad şəhər, Göytəpə şəhər, Muğan, Kazımabad, Üçtəpə, Təzəkənd, Alar, Əliqasımlı, Qarazəncir inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir.

Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verərək, Cəlilabad rayonunda  kənd təsərrüfatının aparıcı sahələrindən biri olan kartofçuluq sahəsində görülən işlərin vacibliyini və 2023-cü il üzrə rayonda  5500 hektar kartof sahəsindən 171 min tondan çox kartof istehsalına nail olunduğunu qeyd etmişdir. Rafiq Cəlilov iclas iştirakçılarına ötən illərin təcrübəsindən yararlanaraq bu il dahada yüksək məhsuldarlıq əldə olunması və ixracı sahəsində işlərin intensivləşdirilməsini tapşıraraq öz tövsiyələrini vermişdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin idxal və ixraca nəzarət şöbəsinin müdiri Əkbər Əliyev ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətində Qida Təhlükəsziliyi Agentliyi tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyini və fermerlərə köməklik göstərdiklərini bildirmişdir.

Rahib Kərimov məhsulların tez xarab olması, məhsulların satış və ixrac olunmasında satıcı ilə alıcı arasında alqı-satqı prosesinin düzgün tənzimlənməməsi və daşınmasına xidmət edən nəqliyyat infrastrukturunun düzgün qurulmaması bir çox problemlər yaratmaqla yanaşı fermerlərin təsərrüfatla məşğul olmaqdan çəkinmələrinə səbəb olduğunu bildirmişdir. Eyni zamanda o, çıxışında qeyd olunan səbəblərdən 2024-cü ildə Cəlilabad rayonunda kartof əkini aparılmış sahənin 50.9 % azaldığını, faktiki əkinin 2800 hektar olduğunu bildirmişdir.

Cəlilabad Suvarma Sistemləri idarəsinin rəisi Xanlar Mirzəyev kartof məhsuluna tələb olunan aqrotexniki qaydalara əməl olunmasına baxmayaraq, ölkəyə daxil olan toxumluq kartof məhsulunun ekspertizasının düzgün aparılmaması səbəbindən kartofda çürümə hallarının aşkarlandığını bildirmişdir. Bundan əlavə o, çıxışında katrof sahələrinin suya olan təlabatının ödənilməsi istiqamətində davamlı tədbirlərin keçirildiyini və müasir suvarma sistemlərindən istifadə barədə fermerlərə məlumatlar vermişdir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri Nurlan Məmmədov çıxış edərək fermerlərə məhsullarını xarici bazarlara çıxarmaları üçün ötən illərdə olduğu kimi bu ildə lazımı sertifikatların verilməsində heç bir maneələrin olmadığını bildirmişdir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğu Cəlilabad KOB dostu Sabir Mirzəyev çıxışında fermerlərin istehsal etdikləri kartofun xarici bazarlara ixracı istiqamətində qarşılaşdıqları bütün çətinliklərlə yerində maraqlandıqlarını və onlara köməklik göstərildiyini bildirmişdir.

İstehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə ətraflı müzakirələr aparılmış, suallar cavablandırılmış və rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov bu sahədə əməli tədbirlərin görülməsi ilə bağlı aidiyyəti qurumlara göstərişlər vermişdir.

Keçidlər