Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda kompleks mülki müdafiə təlimi keçirildi

30 oktyabr 2024 | 17:05

28-30 oktyabr tarixlərində Cəlilabad Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirildi.

Təlimdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak etdilər.

Tədbirdə çıxış edən RİH başçısı Rafiq Cəlilov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti və mülki müdafiənin təşkili barədə danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. İcra başçısı qeyd edib ki, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizə vasitələri ilə təminatı və köçürülməsi kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin, rayonun aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 360 nəfər şəxsi heyəti və 35 ədəd texnikası cəlb edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər