Cəlilabadda Milli ədəbiyyatımızın ən görkəmli simalarından biri Cəlil Məmmədquluzadənin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.
2024-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi tamam olur. Cəlil Məmmədquluzadənin 155 illik yubileyi münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə 22 fevral 2024-cü il tarixində tədbir keçirilmişdir. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, aparatın məsul əməkdaşları, rayon təhsil sektorunun nümayəndələri, ziyalılar və məktəblilər iştirak etmişdir.
Əvvəlcə iştirakçılar ədibin abidəsini ziyarət etmiş, xatirə şəkilləri çəkilmiş və dövlət himni səsləndirilmişdir.
Daha sonra “Cəlil Məmmədquluzadənin 155 illik yubileyi” münasibəti ilə Kazımabad kənd tam orta məktəbinin şagirdləri ədibin “Quzu” hekayəsini səhnələşdirmiş və həmçinin məktəblilər arasında şahmat yarışı keçirilmişdir.
Tədbirin sonunda qaliblərə fəxri fərmanlar və medallar təqdim olunmuşdur.