Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Peşələr Festivalı keçirilib

14 noyabr 2023 | 18:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin müxtəlif rayon və şəhərlərində  müasir əmək bazarında aktual olan peşə və ixtisasların tanıtım  və təbliğatı məqsədilə Peşələr Festivalı keçirilir. Festivalın keçirilməsində əsas məqsəd vətəndaşların diqqətini peşəyönümlü məsləhət xidmətinə cəlb etmək, müasir əmək bazarında mövcud olan peşələrin təbliğatını aparmaqdır.

Peşələr Festivalının növbəti dayanacağı Cəlilabad rayonu olub.  Noyabrın 14-ü Cəlilabad şəhəri Heydər Əliyev Seyrəngahında keçirilən festivalda rayon icra hakimiyyəti başçısının müavini Nazim Şükürov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmallədin Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, keçirilən festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanacaq, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşəcək, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olacaq, öz maraq və istəklərinə uyğun peşə seçimində faydalana biləcəklər. Həmçinin yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, müxtəlif peşələr üzrə ekspertlərlə söhbət ediblər.

Festival çərçivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, UI/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf-videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

Festival maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər