Cəlilabadda şagirdlər arasında maarifləndirici tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin və Cəlilabad Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində “Rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış”, “Avaralıq və dilənçiliklə məşğul olan uşaqlarla bağlı həyata keçirilən tədbirlərə dövlət nəzarətinin gücləndirilməsi” və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində “Təmiz gələcək – #YoxDe” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Özal Kazımov, Cəlilabad rayon prokurorunun köməkçisi Gülnur Əkbərova, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Rəşxəndə Qasımova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, məktəbin direktoru Səidə Şükürova və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində şagirdlərə rəqəmsal savadlılığın artırılması, kibertəhlükəsizlik qaydalarına riayət olunması və internetdən məsuliyyətli istifadə barədə ətraflı məlumat verilib. Eyni zamanda, avaralıq və dilənçiliklə məşğul olan uşaqlarla bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin cəmiyyət və insan sağlamlığı üçün yaratdığı təhlükələr, narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərin qarşısının alınması istiqamətində görülən işlər barədə maarifləndirici söhbətlər aparılıb.
Sonda şagirdlərə sağlam həyat tərzinin təşviqi, hüquq pozuntularından və zərərli vərdişlərdən uzaq durmağın vacibliyi vurğulanıb, onları maraqlandıran suallar cavablandırılıb.






