Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib

14 aprel 2022 | 09:50

Cəlilabadda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları  və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rafiq Cəlilov  44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlığını ifadə edib. Şəhidlərimizin döyüş yoluna nəzər salınan RİH başçısı onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Rafiq Cəlilov qeyd edib ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə, müharibə iştirakçısının medalları isə özlərinə təqdim olunub. Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər