Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş "Zəfər-44" mini futbol turnirinin açılış mərasimi keçirilib
12 avqust 2022-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad rayon Gənclər və İdman idarəsinin və "Əhmədoğlu FK"nin birgə təşkilatçılığı ilə şəhidlərin xatirəsinə həsr olunmuş "Zəfər-44" mini futbol turnirinin açılış mərasimi keçirilib. Mərasimdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimində Cəlilabad RiH-nin başçısı Rafiq Cəlilov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılış mərasimini Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov açaraq turnir haqqında ətraflı məlumat verərək, turnirin əhəmiyyətindən danışıb. Cəlilabad RİH-nin başçısı Rafiq Cəlilov öz çıxışında Azərbaycanın müqəddəsliyinə tapınıb haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həmişə şəhidlərin xatirəsinin əziz tutulduğunu, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. Yüksək amal uğrunda canını fəda edən şəhidlərin xatirəsinə hər zaman diqqətlə yanaşmaq hamımızın mənəvi borcumuz olduğunu bildirib.
I Qarabağ müharibəsi qazisi Maşallah Əliyev də çıxış edərək, şəhid ailələrinə göstərilən əvəzsiz ehtirama görə rayon rəhbərliyinə razılığını bildirib və onların adı ilə bağlı həyata keçirilən bütün addımlara qəlbən sevindiyini, qürur duyduğunu söyləyib.
Turnirdə ümumilikdə 20 komanda iştirak edir. Turnirin əsas məqsədi rayon gənclərinin asudə vaxtlarının düzgun və səmərəli təşkili, Qarabağ döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.