Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda torpaqdan qanunsuz, rəsmiləşdirilmədən (zəbt edilmiş) istifadə hallarının müəyyən edilməsi ilə bağlı aparılmış elektron auditin nəticəsi barədə seminar-müşavirə keçirilmişdir.

24 may 2022 | 18:36

Seminar-müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçısının birinci müavini Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, rayon icra hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Yasər Muradov, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əfsər Abdullayev, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elxan Xudaşlı, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati  ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.

Seminar-müşavirəni giriş sözü ilə açan Rafiq Cəlilov dövlət fond torpaqlarının istifadəsi ilə bağlı ümumi məlumat vermişdir.

Başçının müavini Nazim Şükürov Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.3.4-cü bəndinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi yerli icra hakimiyyətinin vəzifələrindən biri kimi müəyyən edildiyini və qanunvericiliyin tələblərinə əsasən rayonun dövlət fond torpaqlarında elektron auditin aparılması, qanunsuz istifadə (zəbt) hallarının qarşısının alınması üçün rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşlarından ekspert komandasının formalaşdırıldığını bildirmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əfsər Abdullayev çıxışında aparılmış çöl ölçmə işlərinin nəticəsi olaraq Cəlilabad rayonu ərazisində bütün dövlət fond torpaqlarını əhatə edən həm elektron, həm də kağız variantda  hazırlanmış 9 xəritə üzrə zəbt edilmələr, torpaq icarəçiləri və istifadəçilərinin istifadələrində olan torpaq sahələri ilə icarə müqavilələrinin yenilənməsi barədə məlumat vermişdir. O rayon icra hakimiyyəti başçısının verdiyi tapşırığa əsasən kameral şəraitdə hər bir xəritə üzrə araşdırmaların aparıldığını və ilkin nəticələrin əldə edildiyini bildirmişdir. Bütün məlumatlar elektron xəritələr üzrə izah edilmiş və elektron auditin nəticəsi üzrə tərtib edilmiş cədvəllər slayd təqdimatı formatında təqdim edilmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elxan Xudaşlı çıxışında elektron auidit zamanı ekspert qrupu tərəfindən 35 sütün 1122 sətrdən ibarət informativ, rəqəmsal elektron audit cədvəlinin üzərindən bütün əməliyyatları filtr edərək istifadə edilməsinin mümkünlüyünü  və hər bir sütun üzrə qeyd edilmiş başlıqlar barədə məlumat vermişdir.

Seminar-müşavirənin sonunda rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati  ərazi dairəsi üzrə nümayəndələrinin dövlət fond torpaqlarından istifadə edən icarəçilərin kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli istifadəsinə, icarəçilərin icarə haqqları üzrə yaranmış icarə haqqı borclarının yığılması ilə bağlı verilmiş tapşırıqların icra edilməsinin və ödənişlərin vaxtı-vaxtında həyata keçirilməsinin vacibliyi barədə məlumat verilmişdir.

Bütün aparılan işlərin nəticəsi olaraq elektron audit üzrə tərtib edilmiş informativ təhlil nəzarət cədvəli nəticəsində zəbt edilmiş torpaqlarda sonrakı günlərdə müayinələr aparılmaqla torpaqların zəbtdən azad edilməsi, qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsi və kənd təsərrüfatı təyinatı üzrə icarəyə verilməsi təmin ediləcəkdir.

Keçidlər