Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin əməkdaşları, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirmişlər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsindən, bu günki Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıb.
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.
Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirir.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilmişdir.