Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirmişlər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələr barədə geniş məruzə ilə çıxış etmişdir.
RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən, müxtəlif tarixi dönəmlərdə Azərbaycana rəhbərliyi, xilaskarlıq missiyasını yerinə yetirməklə yenicə elan etdiyi müstəqilliyini itirməkdə olan ölkəni fəlakətdən qurtarması barədə ətraflı məlumat vermişlər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilmişdir.
Daha sonra rayon rəhbəri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalını sahiblərinə təqdim edib, səmimi təbriklərini və xoş sözlərini səsləndirib.