Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş spartakiada keçirilib
8 may 2025-ci il tarixdə Cəlilabad Olimpiya İdman Kompleksində Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Lənkəran-Astara regionu üzrə spartakiada keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər qonaqlar iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov açaraq qonaqları və idmançıları salamlamış, dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq, idmançılarımızın qazandığı uğurlardan danışmış və yarışda iştirak edən idmançılara uğurlar arzulamışdır.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxış edərək gələn qonaqlar və idmançıları salamlayaraq bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunması, eyni zamanda sağlam həyat tərzinin təbliği və ayrı-ayrı yaş qruplarında olan insanların idmana cəlb edilməsidir. Çıxışının sonunda bir daha yarışda iştirak edən bütün idmançılara uğurlar arzuladı.
Həmçinin tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə mədəniyyət nümayəndəliyinin bədii özfəaliyyət kollektivi musiqi nümunələri ilə çıxış etdilər.
Sonda spartakiada çərçivəsində keçirilən 5 idman növü üzrə yarışlarda qalib gələn komandalar və idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olundular.