Cəlilabadda uşaqlar arasında əyləncəli kütləvi idman oyunları keçirilib
21 avqust 2026-cı il tarixində Cəlilabad şəhərində yerləşən “Sağlam məhəllə” idman zonasında Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə uşaqlar arasında əyləncəli kütləvi idman oyunları keçirilib.
Tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli və məqsədyönlü təşkili, onların fiziki, sosial və psixoloji inkişafının dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki fəallığın təşviq edilməsindən ibarət olub.
Tədbir çərçivəsində uşaqlar müxtəlif əyləncəli estafetlərdə, komanda yarışlarında və idman oyunlarında iştirak edərək öz bacarıq və çevikliklərini nümayiş etdiriblər. Yarışlar zamanı uşaqlara komanda şəklində fəaliyyət göstərmək, bir-birinə dəstək olmaq, paylaşmaq, kollektiv daxilində ünsiyyət qurmaq, qalibiyyət və məğlubiyyət hissini düzgün qəbul etmək, oyun qaydalarına və rəqiblərə hörmətlə yanaşmaq kimi mühüm sosial və mənəvi dəyərlər aşılanıb.
Şən və yüksək əhval-ruhiyyə şəraitində keçirilən tədbir uşaqlar tərəfindən böyük maraq və həvəslə qarşılanıb.
Belə tədbirlərin keçirilməsi uşaqların sağlam və fəal həyat tərzinə cəlb olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və idmana olan maraqlarının daha da artırılmasına xidmət edir.






