Cəlilabadda üzüm yığımı davam edir
İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Cəlilabad rayonunda zəngin üzümçülük ənənələri sayəsində üzümçülük daim inkişaf etdirilir, rayonlaşdırılmış üzüm sortlarından yeni üsullarla üzüm plantasiyaları salınmasına başlıca diqqət yetirilir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və xalis gəlirliyinə görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir.
Cəlilabad rayonu ərazisində üzüm bağlarının ümumi sahəsi 1430 hektardır. Qeyd edək ki, rayonda təxminən 20 üzüm növü becərilir. Becərilən üzüm növlərinin 15 faizini yerli üzüm sortları təşkil edir.
Hazırda təsərrüfatlarda üzüm yığımı mövsümü davam edir. Təbiətin bərəkəti və düzgün aqrotexniki tədbirlərin nəticəsi olaraq bol məhsul əldə olunur. Toplanan üzüm həm daxili bazarın təlabatının ödənilməsində, həm də ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Məhsul yığımı prosesində bütün qaydalara əməl olunaraq üzümün keyfiyyətli və itkisiz toplanmasına xüsusi diqqət yetirilir.






