Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

26 fevral 2024 | 16:35

Cəlilabad rayonunda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. 

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmiş, dövlət himni səsləndirilmiş, Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək bildirmişdir ki, tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutmuşlar. İnsanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Bu siyasəti uğurla davam etdirən  ölkə Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox ölkələrində Ermənistan işğalçı dövlət, Xocalı faciəsi isə soyqırım kimi tanınmışdır. Rayon rəhbəri çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. 

Daha sonra Xocalı Soyqırımının 32-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılmışdır. Qeyd olunub ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər