Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

26 fevral 2025 | 14:12

Cəlilabad rayonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. 

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmiş, dövlət himni səsləndirilmiş, Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O dəhşətli gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyini deyən rayon rəhbəri qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib.

Rafiq Cəlilov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.

Rayon rəhbəri çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. 

Daha sonra Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq Qələbəsi Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağının işğaldan azad edilən bütün torpaqlarımızda dalğalandığını, Xocalı soyqırımı qurbanlarının qisasının alındığı diqqətə çatdırılıb.

Keçidlər