Cəlilabadda yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyi məsələləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov, FHN Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Cəmil Xudiyev, rayon fövqəladə hallar komissiyasının üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri, polis sahə müvəkkiləri, sahibkarlar (taxılçılıq üzrə), ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Taxıl və ot yığımı ərəfəsində bütün kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin yağınsöndürmə vasitələri ilə təmin edilməsi və məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməsi, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılması barədə tapşırıq verilmişdir. Eləcə də, biçilmiş taxıl sahələrinin, quru otun, kol-kos və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.
Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürüçülərin, məhsul yığımında iştirak edən bütün əməkçilərin ümdə vəzifəsi olması və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin yaranması tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.