Cəlilabadda Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də “mygov” rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, RİH aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qalib Xudaverdiyev ölkəmizdə rəqəmsallaşma sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışıb, “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə məlumat verib. O, qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin, tədbirlərin müəyyən edilmiş müddətlərdə icrasının və görülən işlərin mütəmadi təhlilinin vacibliyini vurğulayıb.
Bildirilib ki, “mygov” platforması vətəndaşların vaxtına qənaət etməklə dövlət xidmətlərini daha əlçatan, rahat və şəffaf edir. Əhalinin platformadan istifadə vərdişlərinin artırılmasında inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin üzərinə mühüm vəzifələr düşdüyü qeyd olunub.
Tədbir zamanı “mygov” rəqəmsal hökumət platformasının imkanları və üstünlükləri barədə ətraflı məlumat verilib, platformanın funksionallığını və istifadə qaydalarını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, platformanın üstünlüklərinin yerli sakinlərə daha ətraflı çatdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.






