Cəlilabadda Zəfər Gününə həsr olunmuş bayram konserti keçirilib
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı bayram konserti keçirilib. Konsertdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Malik Həsənov, Elman Nəsirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 8 noyabr – Zəfər Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.
Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Axşam saatlarında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Heydər Əliyev Seyrəngahında atəşfəşanlıq olmuş, səmaya hava şarları buraxılmışdır.