Dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə təqtib edilmiş intizam tənbeh tədbirləri barədə məlumat
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı» nın 1.9-cu bəndinə uyğun olaraq və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bağlı 2021-ci il ərzində müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayon İcra hakimiyyəti tərəfindən rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə davamlı təlimlər keçirilmişdir.
Eyni zamanda dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır. Bütün bunlarla yanaşı təşkil olunmuş təlim və müşavirələrdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmişdir. Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə təşkil olunmuş təlimlərdə rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəlik əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsəd və mahiyyəti, prinsipləri və qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində məlumatlar verilərək ümumi təbliğat işləri aparılmışdır.
Hesabat dövründə etik davranış qaydalarının pozulması hallarına yol verilməsə də digər səbəblərdən dolayı intizam tənbehi tətbiqinə əsas verən məsələlər olmuşdur. Belə ki, 2021-ci il ərzində verilən tapşırıqları vaxtında və dəqiq icra etmədiyinə və tapşırıqları icra edərkən nöqsanlara yol verdiyinə, vətəndaşların qaldırdıqları sosial problemlərin həll olunmasına və onları doğuran şəraitin aradan qaldırılmasına səy göstərmədiyinə görə 2 şəhər ərazi nümayəndəliyi əməkdaşına, həmçinin rayon icra hakimiyyəti başçısı aparatının dövlət qulluğunun inzibati vəzifəsində çalışan 2 dövlət qulluqçusuna töhmət inzibati tənbeh tədbiri tətbiq edilmiş və xidməti vəzifələrini yerinə yetirərkən nöqsanlara yol verdiklərinə görə rayon icra hakimiyyətinin inzibati vəzifədə çalışan 2 dövlət qulluqçusuna, yardımçı vəzifədə çalışan 1 dövlət qulluqçusuna, kənd ərazi nümayəndəliyində çalışan 1 dövlət qulluqçusuna xəbərdarlıq edilmişdir.
Bütün bunlarla yanaşı vaxtaşırı müvafiq fəaliyyət planına uyğun olaraq rayon rəhbərliyinin ictimaiətin iştirakı ilə təşkil etdiyi tədbirlər, aparılan müzakirələr və illik hesabatlar rayon İcra Hakimiyyəti aparatının mövcud internet səhifəsində yerləşdirilərək bu barədə əhalinin məlumatlandırılması təmin olunmuşdur. Aparılmış islahatlar nəticəsində rayon icra hakimiyyəti başçısı aparatında və rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vakant olan vəzifələrə ali təhsili, ixtisaslı və peşəkar əsasən gənc kadrların cəlb edilməsi, strukturun fəaliyyətinin müasir tələblərə uyğun qurulması və səmərəliliyinin artırılması işinə xususi diqqət yetirilmiş, vakant yerlər üçün müraciət edən kadrlar üçün ehtiyat kadr bankı yaradılmışdır.
Bundan sonra da Cəlilabad Rayon İcra Hakimiyyəti «Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı» nın 1.9-cu bəndinə uyğun olaraq və «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunun tələbləri ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi işlərini diqqət mərkəzində saxlayacaqdır.