"Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir”mövzusunda maarifləndirici tədbir keçirilib
Kazımabad kənd tam orta məktəbində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ceyhun Rəhimov, Göytəpə polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru Behnam Əmirov, rayon təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin baş məsləhətçisi Cavidan Rəşidov və rayon gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov iştirak ediblər.
Tədbirdə erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərləri barədə geniş müzakirələr aparılıb. Vurğulanıb ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək şüurlu canlının strateji hədəfi olmalıdır. Belə ki, erkən nikahlar bu hədəfə çatmaqda ən böyük maneədir. Bildirilib ki, erkən yaşda qurulan nikahlar yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq hallarına da gətirib çıxarır. Çünki insanın dünyagörüşü 18 yaşından sonra formalaşmağa başlayır. İnsanda bu yaşadək ailə haqqında təsəvvürlər ya olmur, ya da yanlış ştrixlərlə əhatələnir. Son dövrlər artan intihar hadisələri, qadınlara qarşı şiddət hallarının böyük əksəriyyəti məhz müqəddəs ailə prinsiplərinin dağılmasının nəticəsidir. Erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən danışılıb. Vurğulanıb ki, son illər Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların birbaşa sağlamlığından asılıdır.
Tədbirdə, həmçinin erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumat verilib.
Tədbir iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırmaqla müzakirə formatında yekunlaşıb.