FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
05 dekabr 2022-ci il Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.
Tədbirdə FHN Cənub Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Sonra Cənub Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik Araz Hüseynov çıxış edərək rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.
Həmçinin, Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.