Göytəpə şəhərinin Baş planının təqdimatı olub
Göytəpə şəhərinin Baş planının təqdimatı olub. Təqdimatda Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, aparat əməkdaşları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini Şahnaz Bədəlova, şöbənin böyük məsləhətçisi Tural Quliyev, Baş planı hazırlayan “EL&EN” MMC-nin əməkdaşları baş memar Kamal Abdullayev, iqtisadçı Rafiq Mirzəyev iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev çıxış edərək, Cəlilabad rayonunda 2 şəhər, 118 kənd olduğunu və Göytəpəyə 1976-ci ildə şəhər statusunun verildiyini bildirmişdir. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu şəhərin baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir. Göytəpə şəhəri ərazisinin müasir istifadə planının, şəhərətrafı ərazinin hazırlanması, ərazinin kompleks qiymətləndirilməsi, nəqliyyat, su təhcizatı və kanalizasiya, yağış kanalizasiya, qaz təhcizatı, istilik təhcizatı, elektrik təhcizatı sxemlərinin kompleks hazırlanması zərurətinin yarandığını və Göytəpə şəhərində görüləcək hər bir işin Baş plana uyğun aparılacağını qeyd etmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini Şahnaz Bədəlova qeyd etmişdir ki, Göytəpə şəhərinin baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına İcraçı təşkilat “EL&EN” MMC tərəfindən işlənilmişdir. Tərtib olunan baş planın yekun layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanmışdır.
Təqdimatda çıxış edən digər iştirakçılarda Göytəpə şəhərinin Baş planı haqqında öz fikirlərini səsləndirmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.