Heydər Əliyev Fondu Cəlilabad rayonunun Sərhədabad kəndi üçün yeni məktəb binası inşa edib
Cəlilabad rayonunun Sərhədabad kəndində yeni məktəb binası şagirdlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondu təhsil sahəsindəki layihələri əsasında Cəlilabad rayonunun Sərhədabad kəndi üçün yeni məktəb binası inşa edib.
1976-cı ildə inşa olunmuş məktəb binası köhnə və qəzalı vəziyyətdə olduğu üçün Fond Sərhədabad kəndində yeni məktəb binasının inşasını həyata keçirib.
Ümumilikdə 360 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 4 korpusdan ibarətdir. Bu təhsil müəssisəsi də Fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.