“Heydər Əliyev İli” çərçivəsində Cəlilabadda ağacəkmə aksiyası keçirilib
Martın 13-də Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin üzvləri iştirak ediblər. Aksiyada 500-dən çox şam ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının Sərəncamı ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya İli” elan edilməsi də özündə bu məqamları ehtiva edir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.