“Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
03 aprel 2024-cü il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Anar Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, rayon təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli, rayon gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, dövlət proqramlarına əsasən yaradılmış gender komissiyasının fəaliyyətindən, məişət zorakılığı ilə əlaqədar müraciətlərə baxılma qaydasından, qısamüddətli, uzunmüddətli mühafizə orderi haqqında və zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs edilmişdir. Həmçinin məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların qarşısının alınması istiqamətində görülən işlər barədə maarifləndirici söhbət aparılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.