Mülki müdafiə sahəsində cari ildə görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müəyyən edilməsi mövzusunda müşavirə keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin 2025-ci il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq 27 noyabr 2025-ci il tarixdə Cəlilabad rayonunda cari tədris ilində rayonda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlərin yekunları və 2026-cı tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi müşavirə keçirilmişdir.
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qalib Xudaverdiyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Mirabbas Rzayev, Mərkəzin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev əhalinin mülki müdafiə sahəsində hazırlanması və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görülmüş işlər və yeni tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi barədə ətraflı məlumat vermişdir.
Cənub Regional Mərkəzin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Mirabbas Rzayev və Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin zabiti, baş leytenant Murad Babayev çıxış edərək mülki müdafiə sisteminin təşkili, planlaşdırılması və əhalinin bu sahədə maarifləndirilməsi istiqamətində mövcud vəziyyət barədə ətraflı məlumat vermişlər.
Müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.






