Növbəti səyyar qəbul Abışabad kəndində keçirilib
10 noyabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Abışabad kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə Vətən müharibəsində və sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.