Oktyabrın 26-da Cəlilabadda "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirilmişdir
Oktyabrın 26-da Cəlilabadda "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirildi. Cəlilabad Rayon İcra Hakimiyyətinin, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzinin və Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad üzrə nümayəndə vəzifəsini müvəqqəti icra edən və Cəlilabad rayonu üzrə böyük mühasib Elnur Atakişiyev, Mədəniyyət mərkəzinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı İlxas Əkbərov, ADPU-nun Cəlilabad filialının tələbələri və Cəlilabad Tibb Kollecinin tələbələri iştirak etmişdir. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummillli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər respublikamızın qarşılaşdığı ağır bir zamanda xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını, ardıcıl mübarizə apararaq onu həqiqi müstəqilliyinə qovuşdurduğunu, məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimizin qorunub saxlanıldığını, dövlətlə xalqın birliyinin təmin edildiyini, bütün sahələrdə demokratik islahatlara başlanıldığını, güclü dövlətin möhkəm təməlinin qoyulduğunu qeyd etmişlər. Həmçinin Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamının 2003-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirildiyini bildirmişlər.