Rafiq Cəlilov Alar kəndinin fermerləri ilə görüşmüşdür
09 dekabr 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Alar kəndinin fermerləri ilə görüşmüşdür. Görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev, Suvarma Sistemləri İdarəsinin rəisi Xanlar Mirzəyev, Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Dəyanət Əskərov, Bələdiyyə sədri Bağış Mustafayev və fermerlər iştirak etmişdir.
Fermerlərlə görüşdə rayon rəhbəri bildirmişdir ki, əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məqsədlə Cəlilabad rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Kənd sakinlərinin əkin sahələrini suvarmaları üçün əldə olan bütün səy və imkanlardan səmərəli istifadə olunur. Yaxın zaman ərzində rayon ərazisində suvarma işlərinin effektivliyini daha da artırmaqdan ötrü su kanalları lildən və kollardan təmizlənmiş, görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığı, həm də su itkisinin qarşısı alınmışdır. Cari ildə Muğan torpaq kanalının 620 metr hissəsi beton üzlüyə alınmış, bəndlərin su ilə doldurulması və suvarma işlərinin effektli aparılması üçün Bolqar çaydan əlavə kanal qazılmasıda nəzərdə tutulmuşdur.
Alar kəndi üzrə əkin sahələrinin suvarılmasında problemi olan fermerlərlə məsələnin həlli ilə bağlı geniş müzakirələr aparılmışdır.
Rayon rəhbəri daha sonra Alar kənd kitabxanasına baxış keçirmişdir.