Rafiq Cəlilov barama qurdlarının becərilməsi vəziyyəti ilə tanış olmuşdur
20 may 2022 | 19:12
Cəlilabad rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası sahəsində işlər uğurla yerinə yetirilir.
Cari mövsümdə də rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə aparılan tədbirlər diqqətdə saxlanılır. Bu il yüksək keyfiyyətli yaş barama yetişdirmək nəzərdə tutulub. Bu məqsədlə qısa müddətdə yüksək gəlir əldə etməyi planlaşdıran Cəlilabadlı kümçülər 20 qutu ipəkqurdu toxumu götürüblər.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun Hacıvavad kəndində olmuş, kənd sakini İmanov Natiq Zakir oğlunun kümxanasında barama yetişdirilməsinin mövcud vəziyyəti ilə maraqlanmışdır. Barama istehsalçısı ilə görüşən rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində qısa müddət ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb. Hazırda barama qurdlarının bəslənməsi və yemlə təmin olunması prosesi gedir. Mövcud yem potensialından səmərəli istifadə olunur. Kümçülər bu il bol məhsul əldə etməyi gözləyirlər.