Rafiq Cəlilov Göytəpə şəhərində aparılan abadlıq-qurucluq işlərinə baxış keçirib
Bugün respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu baxımdan Cəlilabad rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Belə ki, Göytəpə şəhərində Vüsal Cəfərov küçəsi 215 metr, Şeyx Şamil küçəsi 364 metr, Akif Xanışov küçəsi 240 metr, Əşrəf Hüseynov küçəsi 232 metr, Elçin İsmayılov küçəsi 245 metr və Həzi Aslanov küçəsi 226 metr hissəsində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri aparılmışdır. Eyni zamanda Qurtuluş və Oktay Eynullayev küçələrində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur.
Rafiq Cəlilov Göytəpə şəhərindəki asfaltlanma işləri və yeni salınan piyada səkiləri ilə bağlı görülən işlərin keyfiyyəti ilə maraqlanmış, tikinti işlərini aparan aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.