Rafiq Cəlilov Günəşli kəndində səyyar qəbul-görüş keçirib
06 dekabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Günəşli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.