Rafiq Cəlilov Hamarqışlaq kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirmişdir
20 iyul 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Hamarqışlaq kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov səyyar qəbulda çıxış edərək müstəqillik dövründə ölkəmizin keçdiyi inkişaf yolundan söhbət açıb. Görülən sosial-iqtisadi, abadlıq və quruculuq işlərindən ətraflı danışan Rafiq Cəlilov, son vaxtlar ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların əhalinin sosial-iqtisadi durumunun yüksəlməsi və rifah halının yaxşılaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Rayon rəhbəri ölkə vətəndaşlarının yaşayış tərzinin daha da yaxşılaşdırılması üçün respublikamızda tikilən yeni çoxsaylı məktəb, xəstəxana binalarından, kanalizasiya xəttinin çəkilməsindən ətraflı söhbət açaraq, gündən-günə güclənən Azərbaycan ordusunun qüdrətini xüsusilə vurğulamışdır. O, qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına, dünyada tanınmasına, etibarlı tərəfdaş ölkəyə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, pandemiya ilə mübarizədən uğurla çıxan xalqımız, quldur, terror erməni dövlətini ağır məğlubiyyətə uğradaraq, qısa müddətdə torpaqlarımızı işğaldan azad etdi. Yeni ərazi iddialarına düşən, xaincəsinə yaşayış məntəqələrimizi atəşə tutan, dinc sakinləri qətlə yetirən düşmənə layiq olduqları yeri göstərildi. Əks-hücum əməliyyatına başlayan silahlı qüvvələrimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qısa müddətdə bu terror dövlətini diz çökdürərək torpaqlarımızı işğaldan azad etdilər. İndi o torpaqlarda şanlı Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Bütün dünya vəhşi düşmənin 30 il ərzində taladığı doğma torpaqlarımızda heç bir şey saxlamadığının şahididirlər. Bütün infrastruktur vəhşicəsinə dağıdılıb. İndi oralarda quruculuq bərpa işlərinə başlanılıb. Biz tez-tez cənab Prezidentin işğaldan azad edilən rayonlara səfərlərinin və bu səfərlər çərçivəsində yeni-yeni obyektlərin təməlqoyması və açılışlarını qürurla izləyirik. Bu o deməkdir ki, tezliklə böyük qayıdışın şahidi olacağıq və soydaşlarımız doğma yurdlarına qayıdacaqlar. Son söz olaraq rayon rəhbəri Rafiq Cəlilov müstəqil dövlətimizin davamlı inkişafı və vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bundan sonra da mühüm işlərin planlaşdırıldığını diqqətə çatdırmışdır.
Kənd sakinləri çıxış edərək pandemiyanın qarşısının alınmasında, Vətən müharibəsinin qələbə ilə başa çatdırılmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirmiş və ölkəmizin hər yerində olduğu kimi Cəlilabad rayonunda da aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirmişlər. Sakinlər bununla yanaşı kəndə qaz xəttinin çəkilməsi, modul tipli məktəbin tikilməsi, bir sıra kənd yollarının asfaltlaşdırılmasına kömək göstərilməsini xahiş etmişlər. Qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və həlli istiqamətində işlərə başlanılmışdır.