Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov kartof yığımında iştirak edib

01 iyun 2022 | 18:40

Bu gün mətbəximizdə ən çox istifadə etdiyimiz ərzaq məhsullarından biri kartofdur. Hazırda strateji məhsul sayılan kartof çörəkdən sonra ən çox ehtiyac duyulan qida növüdür. Kartofçuluğun inkişafına respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da fermerlər tərəfindən böyük maraq vardır. Bunu hər il rayonda kartof sahələrinin genişləndirilməsindən də aydın şəkildə görmək olar.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  kartof yığımında iştirak edib.  İyunun 1-də Rafiq Cəlilov Əliqasımlı kəndində kənd sakinlərinin təsərrüfatlarına baş çəkib, qayğı və çətinlikləri ilə maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verib.

Sahədə çalışan işçilərlə söhbət edən icra başçısı kartof yığımında da iştirak edib. Rayon rəhbərinə məlumat verilib ki, hazırda kartof sahələrində qızğın iş gedir və sahələrdən məhsul toplanır. 

RİH başçısına məlumat verilib ki, hər il olduğu kimi, bu il də rayona toxumluq kartof Rusiyadan gətirilib. Lakin toxum sortlarının keyfiyyəti aşağı olduğu üçün fermerlər istədikləri məhsuldarlığı əldə etməkdə çətinlik çəkirlər. Görüş zamanı fermerlər onlara yüksək məhsuldarlıq verən və daha tez yetişən toxum sortlarının verilməsi barədə Rafiq Cəlilovla müzakirə aparmışlar.

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 5320 hektar sahədən 140 min 660 ton kartof istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 264 sentner təşkil edib. Rayonda tədarük edilən kartofun 43 min 820 tonu xarici ölkələrə ixrac olunub.Bu il rayonda 5 min 400 hektar sahədə kartof əkilmişdir, hazırda məhsul yığımı aparılır.

RİH başçısının bugünkü görüşünü yüksək qiymətləndirən sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər