Rafiq Cəlilov rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib
01 dekabr 2023-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında rayon ərazisində sahibkarların fəaliyyəti barədə müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavinləri, aparat əməkdaşları, aidiyyəti idarə rəhbərləri və sahibkarlar iştirak etmişdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışmış, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Cəlilabad rayonunun inkişaf etməsi üçün ölkə rəhbəri cənab İlham Əliyev hər cür dəstək göstərir. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcəkdir. Cəlilabadı ölkənin ən inkişaf etmiş rayonları sırasında görmək üçün abadlıq, tikinti və quruculuq işlərinin daha geniş miqyasda aparılacağını bildirən rayon rəhbəri, sahibkarlığın inkişafının həm yeni iş yerlərinin açılması, həm də rayonumuzun inkişafı demək olduğunu vurğulamışdır. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini bildirən icra başçısı birgə fəaliyyətlə rayonumuzun inkişafında daha böyük uğurlara nail olunacağını qeyd etmişdir.
Eyni zamanda rayon rəhbəri Azərbaycana qarşı bir çox xarici ölkələrin düşmən mövqedə olduğunu qeyd edərək bildirmişdir ki, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir. Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Bu ölkə XXI əsrdə belə, müstəmləkəçilik təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan hələ də əl çəkə bilmir. Əminik ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırması siyasətində də uğursuzluğa düçar olacaqdır.
Keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmış, qarşıya çıxan bəzi problemlər yerində həll olunmuş, mövcud problemlərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılmış və bir sıra məsələlər müzakirə olunmuşdur.