Rafiq Cəlilov Türkiyədə zəlzələ nəticəsində zərərçəkənlər üçün yardım toplanan məntəqədə olub
06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ geniş dağıntılara və insan itkisinə səbəb olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş Türkiyə Respublikasına xilasedicilər, müxtəlif əşyalar və ləvazimatlar yardım üçün yola düşmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Fond tərəfindən qardaş Türkiyə vətəndaşlarına dəstək aksiyası davam etdirilir.
Ölkənin paytaxtı ilə yanaşı digər rayon və şəhərlər kimi Cəlilabad rayonuda türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuşdur. Vətəndaşlarımız tərəfindən Cəlilabad, Göytəpə şəhərlərində və digər yaşayış ərazilərində yardım məntəqələri yaradılmışdır.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik göstərilməsi məqsədilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində müəyyən olunmuş məntəqədə yardımların hazırlanması və yardımları aparan nəqliyyat vasitələrinin yola salınması mərasimində iştirak etmişdir.
Qeyd edək ki, içərsində müxtəlif ərzaq, isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar 15 yük maşını ilə Cəlilabad rayonundan Bakı şəhərinə Türkiyə Respublikasına göndərilməsi üçün yola salınmışdır.
Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır və avtomobillərə yüklənir. Hazırda yardım toplama aksiyası davam edir.
Cəlilabad rayon sakinləri qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına bağsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır.