Rafiq Cəlilov Vətən müharibəsi qazisi Nurlan Tağıyevi evində ziyarət edib
Cəlilabad Rayon İcra Hakimiyyətinin baçısı Rafiq Cəlilov Vətən müharibəsi qazisi Tağıyev Nurlan Əliağa oğlunu evində ziyarət edib.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən cəlilabadlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.
Söhbət zamanı qazi Nurlan Tağıyev cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib. Qeyd edək ki, Nural Tağıyev 17 il Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmət edib, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısıdır. N.Tağıyev uzun illər idmanın güləş növü ilə məşğul olub.
Nurlan Tağıyev 9 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Partlayış nəticəsində baş nayihəsindən ciddi xəsarət alıb. Nurlan Tağıyev “YAŞAT” Fondu tərəfindən 25 mart 2021-ci il tarixində Türkiyə Respublikasına müalicəyə göndərilmiş, 1 ildən çox müalicə və reabilitasiya proseslərindən keçərək, 2022-ci ilin 18 iyun tarixində müalicədən qayıdıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tağıyev Nurlan Əliağa oğlu “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Nurlan Tağıyev göstərilən hərtərəfli diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.