Şəhid Hüseynov Elnur Yaşar oğlunun ailəsi ziyarət olunub.
7 may 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Rayon Prokuroru Vahid Məmmədov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov Vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına mübarizə apararaq şəhid olan Hüseynov Elnur Yaşar oğlunun ailəsini ziyarət etmişlər.
Rafiq Cəlilov bu gün Qarabağ müharibəsi şəhidlərinin ruhunun şad olduğunu bildirmişdir. Çünki uğrunda şəhid olduqları, azad görmək istədikləri Qarabağ Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən işğaldan azad olunub. Vətən uğrunda rəşadətlə vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Şəhidin anası Məhbubə Hüseynova dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.
Hüseynov Elnur Yaşar oğlu 1968-ci il dekabr ayının 20-də Cəlilabad rayonunun Privolnoye kəndində müəllim ailəsində anadan olmuşdur.
Elnur Hüseynov orta məktəbi bitirdikdən sonra Rusiyanın Tolyatti şəhərində hərbi məktəbə daxil olmuş və həmin məktəbi uğurla başa vurmuşdur. Cəbhə bölgəsində olduğu müddət ərzində düşməni xeyli sayda itkiyə məruz qoymuşdur. Göstərdiyi şücaətlərinə görə Elnur Hüseynov “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur.
Elnur Hüseynov 1994-cü il 20 yanvar tarixində qəhrəmancasına şəhid olmuşdur. Şəhid böyüyüb boya-başa çatdığı Cəlilabad rayonunun Privolnoye kəndində dəfn olunmuşdur. Privolnoye kənd tam orta məktəbi şəhid Elnur Hüseynovun adını daşıyır.