Soyuqbulaq kəndində səyyar qəbul-görüş keçirilib
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulları davam edir. 22 fevral 2023-cü il tarixində Soyuqbulaq kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə Rafiq Cəlilov rayon sakinləri adından qardaş Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səyyar qəbul zamanı vətəndaşlara bildirilib ki, xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılmış “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.